00:49 / 29.01.2010
source: 525-ci qezet http://www.525.az/view.php?lang=az&menu=7&id=8884
Hər Vətən torpağının üzərində səssiz qəhrəmanların ayaq izləri, alın tərləri və tökülmüş qanları var. Çox vaxt onların adları xatırlanmır, xatirələri yad edilmir, amma gün gəlir mütləq adları və haqları bir yerdən qəflətən ortaya çıxır. Çünki istər təbiət, istər ilahi ədalət deyil, dünyanın gözəgörünməz məhkəməsi heç bir haqqın batırılmasına əsla izin vermir. Bu durum tarixi təcrübələrlə sübuta yetirilib. Adı tarixdən silinmək istənilən, bütün əsərləri yandırılaraq külə çevrilən insanlar bir gün gəldi ki, Simurq quşu kimi öz küllərindən özlərini yaradaraq yenidən doğuldular.
Azərbaycan üçün canını verən, Türkiyədən gəlib bu torpaqda şəhid olanların da vəziyyəti belə idi. 70 il onları xatırlamaq, adlarını çəkmək yasaq edilmişdi. Amma aradan o qədər vaxt keçməsinə baxmayaraq onlar unudulmadılar və Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra adları ölkənin paytaxtının sinəsinə unudulmayacaq şəkildə yazıldı.
Xaricdə yaşayan və Azərbaycan üçün çalışan əmək sərf edən insanlardan biri, həm səsli, həm səssiz qəhrəman heç şübhəsiz ki, Mirzə Xəzərdir.
Mirzə Xəzər 1989-cu ilən başlayaraq Azərbaycanın müstəqilliyinə qovuşmasına qədər bu ölkə üçün bir fenomenə çevrilmişdi. Bütün səslərin kəsildiyi, radioların, qəzetlərin susdurulduğu, qəddar sovet senzurasının ölkəmizi qaranlığa qərq etdiyi günlərdə onun Münhendən, “Azadlıq” radiosundan yüksələn səsi hər kəsə ruh verir, hər kəsin dərdinə dərman olurdu. Artıq onun səsi hər bir azərbaycanlının evində ailə üzvlərindən birinin səsi kimi tanış, isti və yaxın idi.
O vaxtlar şair Sabir Rüstəmxanlı “Mirzə Xəzər milli mübarizəmizin rəmzidir” demişdi. Xəlil Rza Ulutürk isə müstəqilliyə gedən o qaranlıq və qanlı günlərdə Mirzə Xəzərin səsini bir qurtuluş simvolu kimi görür və yazırdı:
Sən ucaltdın səsini, ah necə müdhiş anda,
Yarımsatqın qəzetlər əqrəb kimi susanda
Biz də Avropada 1990-cı ilin 20 yanvarının ilk işıqları ilə birlikdə Bəxtiyar Vahabzadənin, Yusif Səmədoğlunun, onlar kimi neçə-neçə vətənpərvər aydınların və müstəqillik mücahidlərinin səslərini Mirzə Xəzərin vasitəsilə dinləyə bilirdik. Azərbaycanın acısına, ağrısına, gözyaşına ondan çox-çox uzaqlarda şahid olurduq. Mirzə Xəzər hər proqramda həm Azərbaycandakı insanlara təsəlli, cəsarət verir, həm də burda vətəni üçün nəsə etmək istəyən insanları iş görməyə dəvət eirdi. Azərbaycanımızın bu dəyərli oğlu indi ağır xəstədir. O xəstəxanada bizim dualarımızı gözləyir.
Almaniya ölkəmizdən minlərlə kilometr uzaqda yerləşir. Ora minlərlə vətəndaşımız gözləri, ürəkləri, ölkələrinə həsrət bir şəkidə yaşayırlar. Qürbətdə yaşamaq çətindir. Qürbətdə xəstə olmaq isə daha çətindir. Göyçaylı Mirzə Xəzərin bir qürbət şəhərində, Münhendə ürəyi, ciyəri yaralı halda bir xəstəxanada yatması bizi həddindən artıq kədərləndirir. Çünki bilirik ki, indi onun yorğun və yaşlı gözlərini içində vətəndən rəsmlər, vətəndən simalar, vətəndən xatirələr var.
Onun və ailəsinin bu dar günündə ən azı dualarımızla da olsa bu böyük adamın yanında olduğumuzu bildirməyimiz bizim insani borcumuzdur.
Təbii ki, heç bir həqiqi qəhrəman vətəni üçün etdiyi xidmətin qarşılığını gözləmir. Heç bir həqiqi qəhrəman məşhur olmaq və ya afərin almaq üçün canını ortaya qoymaz. İndi o qaranlıq vaxtların təkrar xatırlandığı indiki günlərdə o səssiz qəhrəmanları unutmaq sadəcə nankorluq deyil, həm də oğurluqdur. Bu səbəbdən də səssiz qalmış həqiqi qəhrəmanları və bunların içində də təbii ki, bu ölkənin qeyrətli oğlullarından olan Mirzə Xəzəri yada salmaq bizim vicdan borcumuzdur.
Rəbbim onun kürəyində dursun, onu ailəsinə və bizə bağışlasın!
Orxan ARAS Almaniyadan yazır oraras@aol.com

