
Şəkilə baxın. Qubada sakitlik hökm sürür. Küçədə camaat görünmür. Quba sakinləri “inqilab”dan sonra evlərində dincəlirlər. Deputat Vahid Əhmədovun, deputat Yevda Abramovun və nazir Ziya Məmmədovun də iştirak etdiyi “xalq inqilab”ı uğurla başa çatdı, keçmiş icra başçısının möhtəşəm villasının HASARı söküldü. “Humanist” Əliyev hakimiyyəti xalqın ultimatumunu yerinə yetirdi. Niyə hasar? Ona görə ki, Rauf Həbibovun villasının hasarı Qələdüz kəndinin yolunu kəsərək hərəkətə çətinlik yaradırmış. Qubadan gələn nağıllarda deyilir ki, kənd sakinləri Rauf Həbibovun villasını yandırmaq istəyiblər. Deputat Vahid Əhmədov söz verib ki, camaat niyyətindən əl çəksə, malikanənin hasarları söküləcək. Və Ziya Məmmədov prezident İlham Əliyevlə məsələni müzakirə edəndən sonra mürtəce icra başçısının, “əksinqilab”ın qalası olan hasarı sökmək əmri verildi. Camaat razı, hakimiyyət razı qaldı, hasar “inqilab”ı sona çatdı.
Maraqlı ölkədir! Azərbaycan oliqarxzadələri nardaranlıların dəniz sahilinə çıxış yollarını zorla, qanunsuz zəbt edib orada dəbdəbəli villalar inşa etmişlər. Şikayət edən nardaranlıları İranla əlbir olmaqda və dini fanatizmi yaymaqda ittiham edib, Nardaranın ağzını polis gücünə yumdular, gecə vaxtı evlərə hücum edib, bir sıra narazını tutdular və bellərinə ağır maddələri yükləyib həbsxanalara atdılar...
Qəribə deyilmi?
Mirzə Xəzər
03.03.2012
Keine Kommentare:
Kommentar veröffentlichen