
Azərbaycanda iki növ məhbus var: ögey və doğma. Doğmalar beynəlxalq təşkilatlara vicdan məhbusu kimi təqdim edilir, ögeyləri isə nəzərə alan yoxdur. Hicab məhbuslarının vicdan məhbusu sayılmaması bunun bariz nümunəsidir. Bəs kimdir məhbusları doğma və ögeylərə ayıran? Qərbin beynəlxalq təşkilatları? Yox. Qərbin beynəlxalq hüquq müdafiə təşkilatları üçün doğma və ögey siyasi məhbus yoxdur, siyasi məhbus vardır. Bəs kimdir ayrı-seçkilik salan? Azərbaycanın, necə deyərlər, hüquq müdafiə təşkilatları və yaxud başqa adı ilə „qeyri-hökumət təşkilatları“. İddiadır? Yox, iddia deyil.
Həm 2 aprel, həm də 6 may aksiyasına görə həbs olunanların hüquqlarını müdafiə edən vəkil Anar Qasımlı “Media forum” saytına bildirib ki, nəinki beynəlxalq təşkilatların, hətta yerli hüquq mühafizə qurumlarının, eləcə də hüquq müdafiəçilərinin bu iki aksiyanın iştirakçılarına münasibəti fərqli olub. Niyə? Anar Qasımlı deyir: „. Onlar bu məsələlərə ikili standartlarla yanaşırlar. Bu, təbii ki, maliyyə ilə bağlıdır. Yəni hüquq müdafiəçiləri vicdan məhbuslarını müdafiə işlərini müəyyən qrantlar hesabına həyata keçirirlər. Hesab edirəm ki, İrana rəğbəti olan insanları Qərbin maliyyəsi ilə dəstəkləmək mümkün olmur.“ Vəkil haqlıdırmı? Qismən haqlıdır. Azərbaycanın qeyri-hökumət təşkilatlarının müxalifətin 2 aprel və hicab müdafiəşilərinin 6 may aksiyalarında tutulanların taleyinə ikili standartlarla yanaşdığına dair Anar Qasımlının dedikləri həqiqətə uyğun ola bilər, amma beynəlxalq təşkilatların İrana rəğbət bəsləyən məhbusları müdafiə edənlərə maliyyə yardımını dayandırdığına dair iddia həqiqətə uyğun deyildir. Əgər Bakıdakı „hüquq müdafiəçiləri“ belə fikirləşirlərsə, böyük səhvə yol verirlər. Beynəlxalq hüquq müdafiə təşkilatları vicdan məhbusları arasında ayrı-seçkilik yaratmırlar. Ayrı-seçkiliyin kökü Londonda və Vaşinqtonda deyil, Bakıdadır.
Mirzə Xəzər
24.02.2012
Keine Kommentare:
Kommentar veröffentlichen