
İranın döyüş helikopterləri Azərbaycan ərazisinə soxulub, Astarada bir xəstəxananın üstündə fırlanandan sonra qayıdıb İrana gediblər. Bu həyəcanlı xəbəri yayan „telegraf.az“ portalının yerli sakinin dediklərinə əsaslanaraq yaydığı xəbərə əsasən, „həmin vaxt insanlar təlaşa düşüb və qaçaqaç yaranıb.“ İnsanları başa düşmək çətin deyil. Amma Astara icra hakimiyyəti başçısının və digər məmurların qaçaraq xəstəxananın həyətindən uzaqlaşması Tehrana gündə bir ultimatum verənlərin cəsarətindən xəbər verir. Təəccüblü deyil. İnsanları təhlükə ilə üzbəüz meydanda tək qoyub qaçmaq çoxdankı adətdir. Bəs İran helikopterləri Astaraya „qonaq“ gəlib, ya gəlməyib? Dövlət Sərhəd Xidmətindən „APA“ agentliyinə DSX-dan APA-ya bildirilib ki, fevralın 21-i də daxil olmaqla, son günlər Astara istiqamətində Azərbaycan-İran hava sərhədinin pozulması halı baş verməyib. Qəribədir. Şahidlər isə „telegraf.az“a deyiblər: „Burada xırdavat satan bir çinlinin satdığı durbini götürüb dəqiq baxdiq və gördük ki, “vertalyot” İrana məxsusdur”. Qarışıq məsələdir. Əgər helikopter olubsa, icra başçısının qaçıb gizlənməsinə ehtiyac olub. Yox, əgər helikopter olmayıbsa, icra başçısının qaçıb gizlənməsinə də ehtiyac olmayıb. Qınamayın! Allah heç kimi qorxuya salmasın!
Azərbaycanda məhbuslar məsələsi İran helikopterindən daha maraqlı məsələdir. „Lent.az“ xəbər verir ki, hal-hazırda ölkədə YEDDİ dənə təzə həbs düşərgəsi tikilir. Bunlar adi həbsxana olmayacaq. Bu qeyri-adi həbsxanalarda məhbuslar işlə təmin ediləcək və hətta zindanda qazandıqları pulu azadlıqda olan ailələrinə göndərə biləcəklər. Təbrik edirik! Nəcib təşəbbüsdür! Azərbaycanda işsizlər üçün sevinc müjdəsidir! Az qalıb, işsizlər, hamınızı işlə təmin edəcəklər!
Mirzə Xəzər
21.02.2012
Keine Kommentare:
Kommentar veröffentlichen